Close

Əsasnamə

§1. Ümumi müddəalar

Hüquq Müzakirə Forumu Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəzdində yaradılmışdır. Hüquq Müzakirə Forumunun fəaliyyətini tənzimləyən bu Əsasnamə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin əsas prinsiplərinə əsaslanaraq tərtib edilmişdir.

§2. Forumun məqsədi

Hüquq Müzakirə Forumunun əsas məqsədi tələbələrin hüquqi düşüncələrinin formalaşmasına, tənqidi düşüncələrinin və hüquqi natiqliyinin inkişafına yönəlmişdir.

§3. Vəzifələr

§3.1 Prezident

Prezident HMF-un nəzdində ümumi nəzarət; Forumun keçirilməsinə başçılıq; Baş Müşavirin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların təstiq edilməsi; daxili intizam qaydaları pozulduqda müvafiq tədbirlərin görülməsi; Baş Müşavirin təyin edilməsi səlahiyyətlərini daşıyır.

§3.2 Baş Müşavir

Forumun keçirilməsində təşkilati, texniki tədbirlərin həyata keçirilməsinə başçılıq; Forumda müzakirə olunacaq mövzu və təkliflərin seçilməsinə və təyin edilməsinə başçılıq; Prezidentin verdiyi qərarların icrasını təmin etməsi; Forumun iclas vaxtlarının təyin edilməsi; Müşavirlərin təyin edilməsi (hər kurs üzrə bir Müşavir); ictimai tanıtımın təşkilinə başçılıq edilməsi səlahiyyətlərini daşıyır.

§3.3 Müşavirlər

Forumun keçirilməsində təşkilati, texniki tədbirlərin həyata keçirilməsi; Prezidentin və baş müşavirin verdiyi qərarların icrasını təmin edilməsi; ictimai tanıtımın təşkilini təmin edilməsi səlahiyyətlərini daşıyır.

§4. Təltifolunmanın qaydaları

§4.1 Sertifikatların verilməsi

Dərs ili ərzində Forumun iclaslarının 50-70%-də iştirak etdikdə həmin şəxs “Cum laude” dərəcəli sertifikat ilə; Forumun iclaslarının 71-90%-də iştirak etdikdə “Magna cum laude” dərəcəli sertifikat ilə; Forumun iclaslarının 90-100%-də iştirak etdikdə “Summa cum laude” dərəcəli sertifikat ilə; Forumun iclaslarında xüsusi bilik və davamlı iştirakı ilə fərqlənən iştirakçılar isə “Egregie cum laude” dərəcəli sertifikat ilə təltif olunacaqlar.

§4.2 İştirakın faiz meyarı

Forumun iclaslarının sayı tək olduqda və ya digər hallarda faiz nisbəti tam ədəd etməzsə bu hal iştirakçının xeyrinə həll olunmalıdır.

§5. Prezident və Baş Müşavirin seçilməsi və təyin edilməsinin meyarları

Bir qayda olaraq TEC-in sədri HMF-un Prezidenti vəzifəsini daşıyır. TEC-in sədri HMF-un Prezidenti vəzifəsini daşımaqdan imtina etdiyi halda Baş Müşavirin yoxluğunda (əgər olarsa seçkilərə qədər həm də Prezident vəzifəsini müvəqqəti icra edir) birbaşa olaraq HMF-un nəzdində olan ən yuxari kurs Müşaviri Prezident vəzifəsinə, ona nisbətdə daha aşağı kurs Müşaviri isə Baş Müşavir vəzifəsinə, daimi iştirakçılar (magna cum laude, summa cum laude, egregia cum laude) arasında keçiriləcək seçkilərə qədər müvəqqəti təyin olunurlar.

§5.1 Səlahiyyətlərin dəyişdirilməsi

Daimi iştirakçıların irəli sürdüyü tələb nəticəsində Forum daxilində Prezidentin səlahiyyətləri TEC-in idarə heyəti tərəfindən, Baş Müşavirin səlahiyyətlərini Prezident tərəfindən, Müşavirlərin səlahiyyətini isə Baş Müşavir tərəfindən dəyişdirilə bilər.

§6. Forumun iclasları

§6.1 Yetərsay

Ən azı iki səlahiyyətli şəxs (Prezident, Baş Müşavir, Müşavir) və iki iştirakçı Forumun iclasında iştirak etdikdə iclas baş tutmuş hesab olunur.

§6.2 Fikir azadlığı

Forumun iclaslarında kimsənin şərəf və ləyaqətinə zərər gətirmədən iştirakçılar tərəfindən irəli sürülən siyasi, dini və əxlaqi fikirlərinə görə Forumun səlahiyyətli şəxsləri məsuliyyət daşımır.

§6.3 Forumun keçirilmə vaxtları

Forumun iclasları semestr ərzində, əgər bayram və xüsusi günlərlə üst-üstə düşməzsə, hər dərs həftəsinin şənbə günləri keçirilir. Keçirilmə saatları əvvəlcədən iştirakçılara bildirilməlidir.

Əlavə müddəalar

Mən, Hüquq Müzakirə Forumunun iştirakçısı olaraq, plagiatçılıq, icazəsiz materiallardan istifadə etməyəcəyimə, tapşırıqlarda və elmi işlərdə qanunsuz kömək qəbul etməyəcəyimə və göstərməyəcəyimə, özümün və başqalarının işlərinin qiymətləndirilməsini vicdanlı və ədalətli şəkildə təmin edəcəyimə və elmi mühitinin təşkil edilməsində köməklik göstərəcəyimə və ictimai standartlara uyğun fəaliyyət göstərəcəyimə hüquqşünasın ən mühüm dəyəri olan şərəfim üzərinə and içirəm!

İctimai Standartlar

Aşağıdakı ümumiləşdirilmiş və bu qaydaların təbiətinə zidd olan digər əməllər Hüquq Müzakirə Forumunun ictimai standartların pozulması kimi qiymətləndirilir:

1. Fiziki zorakılıq, özünün və digərlərinin fiziki və psixoloji sağlamlığına zərər vura biləcək hərəkətlər və ya hərəkətsizliklər;

2. İstənilən vasitə ilə başqasını və ya başqalarını alçaltmaq, şərəf və ləyaqətinə zərər vurmaq, böhtan və barəsində doğru olmayan məlumatlar yaymaq, şəxsi həyatı ilə bağlı öz icazəsi olmadan məlumatlar, şəkil və videolar yaymaq;

3. Forumun iştirakçıları arasında dostluq münasibətlərinə zərər vuracaq və düşmənçilik münasibəti yaradacaq, humanistlik prinsiplərinə əks olan hər bir hərəkət və hərəkətsizlik;

4. İnternet vasitəsi ilə başqalarını mübahisəyə, qarşıdurmaya, qeyri-qanuni qruplaşmaya təhrik etmək;

5. Forumun keçirildiyi məkan daxilində biznes fəaliyyəti ilə məşğul olmaq, xeyriyyə məqsədli fəaliyyətdən, hər hansı bir təşkilat vasitəsi ilə Forumun adından istifadə edərək maddi gəlir götürmək məqsədi ilə istifadə etmək;

6. Forumun devizindən, loqosundan, digər nişanlarından reklam məqsədi ilə Forumun icazəsi olmadan istifadə etmək;

7. Forum mühitində qanuna və hüquqi düşüncəyə zidd olan, Forumun və Forumdan kənar ictimai qaydaya və asayişə zərər vura biləcək və Azərbaycan Respublikasının Konstitusiyasının təyin etdiyi formaya zidd olan dini, siyasi, iqtisadi və sosial təbliğatın aparılması;

8. Forumun keçirildiyi məkanda qumar, mərc, kimi qanunla qadağan olunmuş və lotereya kimi digərlərinin maddi vəziyyətini gözlənilən dərəcədə pisləşdirəcək fəaliyyətlə məşğul olmaq;

9. Tələbə biletini və digər universitet sənədlərini girov kimi və digər qeyri-qanuni məqsədlər üçün istifadə etmək;

10. Forum iştirakçıları tərəfindən ümumiliklə qəbul edilmiş əxlaq qaydalarını pozmaq, başqalarını bezdirmək məqsədi ilə qəsdən uyğunsuz hərəkətlər etmək;

11. Forumun keçirildiyi məkana alkoqollu və digər normal insan fəaliyyətinə təsir edən içkilər qəbul edərək və ya qəbul etmək, narkotik və qeyri-qanuni yolla psixatrop maddələrdən istifadə edərək və istifadə etmək məqsədi ilə gətirilməsi;

12. Digərlərinin sağlamlığına mənfi təsir göstərəcək formada və mühitdə siqaretdən istifadə etmək;

13. Forumun keçirildiyi məkana özü ilə birgə gətirdiyi qeyri-universitet fərdlərinin etdiyi hər bir hərəkətə görə onu gətirən şəxs cavabdehdir;

14. Forumun keçirildiyi məkana insan sağlamlığına zərər vura biləcək, şok effekti yaradan bütün növ odlu və soyuq silahların, digər şiddət simvolu olan əşyaların (təsbeh və.s) gətirilməsi və istifadəsi;

 

Müəlliflər: Vaqif Nəsirov, Orxan Abdulkərimli