Əsasnamə
Bakı Dövlət Universiteti Hüquq Müzakirə Forumunun Əsasnaməsi
1. Ümumi Müddəalar
1.1. Hüquq Müzakirə Forumu (bundan sonra – Forum) Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (bundan sonra – TEC) layihələrindən biridir.
1.2. Forum öz fəaliyyətində bu əsasnaməni və TEC üzvlərinin etik davranış kodeksini rəhbər tutur.
2. Forumun Məqsədləri
Forumun əsas məqsədi hüquqi müzakirələr vasitəsilə tələbələrin hüquqi nitq, təhlil, arqumentasiya və araşdırma bacarıqlarının formalaşması və inkişafıdır. Bununla yanaşı hüquqi problemlər barədə müzakirə apararaq, mövcud problem və həll yolları barədə təsəvvür formalaşdırmaq, eləcə də hüquq mədəniyyətinə töhfə vermək Forumun məqsədlərindəndir.
3. Forumun fəaliyyət istiqamətləri
3.1. Forum aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.1.1. Tədris ili ərzində mütəmadi olaraq forumların keçirilməsi;
3.1.2. Baş tutmuş forumların xülasə və sual-cavab postlarının Layihənin internet (sosial şəbəkə) səhifələrində yerləşdirilməsi;
3.1.3. Fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi.
4. Forumun fəaliyyətinin təşkili
4.1. Forumun heyəti Baş Müşavir və Müşavirlərdən ibarətdir.
4.2. Forumun təşkilinə TEC sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş Müşavir rəhbərlik edir.
4.3. Müşavirlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi TEC sədri ilə razılaşdırılmaqla Baş Müşavir tərəfindən həyata keçirilir.
5. Vəzifələr
5.1. Baş Müşavirin vəzifələri aşağıdakı kimidir:
5.1.1. Forumun fəaliyyətini təşkil edir və ona nəzarət edir;
5.1.2. Forumu təmsil edir;
5.1.3. Əməkdaş şirkət və təqdimatçılarla əlaqəni təmin edir;
5.1.4 Müşavirlər arasında iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir;
5.1.5. Müşavirlərin davranışlarının etik kodeksə uyğunluğunu müntəzəm təhlil edir;
5.1.6. Postlar paylaşılmadan öncə son baxışı həyata keçirir;
5.1.7. Forumla əlaqəli digər məsələlər barədə son qərarı verir;
5.1.8. Forumun məqsədlərinə xidmət edən yeni fəaliyyət planlarının hazırlanmasını təşkil edir və icrasına nəzarət edir.
5.2. Müşavirin vəzifələri aşağıdakı kimidir:
5.2.1. Baş Müşavirin müvafiq tapşırıqlarının icrasını həyata keçirir;
5.2.2. Texniki və sosial media üzrə işləri yerinə yetirir;
5.2.3. Postların və təqdimat fayllarının redaktəsini həyata keçirir.
5.2.4. Forumun fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirir.
6. Forumların təşkili
6.1. Forumlar, tədris ili boyunca bayram və xüsusi günlər, imtahan ayları istina olmaqla, hər həftənin şənbə günü saat 11:00-da təşkil olunur.
6.2. Forumların davam etmə müddəti 2 saatdan artıq olmayaraq müəyyən edilmişdir.
6.3. İstisna hallarda baş tutmayan forumlar barədə təqdimatçı və iştirakçılar əvvəlcədən ağlabatan müddət ərzində məlumatlandırılır.
7. Forumlarda iştirak
7.1. Ən azı bir səlahiyyətli şəxs (Baş Müşavir və ya Müşavir) və beş şəxs iştirak etdikdə forum baş tutmuş hesab olunur.
7.2. Forumlarda təqdimatçı kimi iştirak etmək üçün Forumun vebsaytı vasitəsilə qeydiyyatdan keçilməlidir.
7.2.1. Təqdimatçı forumu ona göndərilən bələdçiyə uyğun olaraq həyata keçirməlidir.
7.3. Forumlarda iştirakçı kimi iştirak etmək üçün qeydiyyat tələb olunmur (qeydiyyat tələb olunan Forumlar istisna hal təşkil edir).
7.3.1. Forumun mütəmadi və aktiv iştirakçıları tədris ilinin sonunda sertifikatla mükafatlandırılırlar.
7.3.1-1. İştirakçı tədris ili ərzində forumların 50-70%-də iştirak etdikdə “Cum laude” dərəcəli sertifikat ilə; forumların 71-90%-də iştirak etdikdə “Magna cum laude” dərəcəli sertifikat ilə; forumların 91-100%-də iştirak etdikdə “Summa cum laude” dərəcəli sertifikat ilə; forumlarda xüsusi bilik və davamlı iştirakı ilə fərqləndikdə isə “Egregie cum laude” dərəcəli sertifikat ilə təltif olunur.
7.4. Təqdimatçı və iştirakçılar üçün aşağıdakılar yolverilməzdir:
7.4.1. Forumun iştirakçıları arasında dostluq münasibətlərinə zərər vuracaq və ya düşmənçilik münasibəti yaradacaq, humanizm prinsiplərinə zidd olan hər hansı hərəkət və ya hərəkətsizlik;
7.4.2. Forumun devizi, loqosu və ya digər nişanlarından reklam məqsədi ilə Layihənin icazəsi olmadan istifadə etmək;
7.4.3. Ümumiliklə qəbul edilmiş ictimai əxlaq normalarını pozmaq, başqalarını narahat etmək məqsədi ilə qəsdən uyğunsuz hərəkətlər etmək;
7.4.4. Forumun keçirildiyi məkana normal insan fəaliyyətinə təsir edən maddələrin təsiri altında gəlmək və ya həmin maddələri gətirmək.
7.5. Forumlarda kimsənin şərəf və ləyaqətinə zərər gətirmədən təqdimatçı və iştirakçılar tərəfindən irəli sürülən siyasi, dini və əxlaqi fikirlərinə görə Təşkilatçı məsuliyyət daşımır.