2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 3 aprel 2021-ci il tarixində, saat 15:00-da “Hüquqi Kolliziyaların Anlayışı və Həlli Qaydası” mövzusunda, Bakı Dövlət Universitetinin müəllimi, Hüquq üzrə fəlsəfə doktoru və dosent Zaur Əzimovun təqdimatında baş tutmuşdur.
Normayaratma fəaliyyəti subyektlərinin çoxluğu, onları qəbul edən vəzifəli şəxslərin dəyişməsi, həmçinin belə aktların müxtəlif dövrün tələbi ilə meydana gəlməsi müvafiq qanunvericilik aktlarının məzmunu arasında kolliziyaların əmələ gəlməsinə səbəb olur. Forumun nəzəri hissəsində həmin hüquqi kolliziyaların anlayışı, kollizion normaların xüsusiyyətləri, onların aradan qaldırılması və həlli üsulları barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə kolliziyaların həlli ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müxtəlif qərarları təhlil olunmuş, onlar ətrafında müzakirələr aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.