2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 27 Noyabr 2021-ci il tarixində saat 11:00-da “Məhkəmə mübahisələri aspektindən əmək pensiyalarının təyin olunması” mövzusunda Bakı Dövlət Universiteti bakalavr məzunu, magistr tələbəsi, Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının hüquqşünası Nuranə Məmmədovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– sosial təminat hüququ və əmək pensiyasına dair əsas anlayışlardan;
– əmək pensiyasının növləri və təyin edilməsi şərtlərindən;
– sosial təminat hüququ sahəsində yaranan məhkəmə mübahisələrinin əsasından;
– inzibati məhkəmə icraatı və bu icraatda iddianın mümkünlüyündən;
-sosial təminat hüququ və hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qarşılıqlı əlaqəsindən bəhs edilmişdir.
Forumun praktiki hissəsində isə anonimləşdirilməklə sosial təminat sahəsində olan real məhkəmə işlərindən bəhs edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin bu kateqoriya işlərə dair formalaşdırdığı təcrübə diqqətə çatdırılmışdır.