2022/2023-cü tədris ilinin ilk Hüquq Müzakirə Forumu 8 oktyabr 2022-ci il tarixində, saat 11:00-da “İnzibati aktların mövcudluğunun (elementlərinin) və qanuniliyinin yoxlanılması metodologiyası: Azərbaycan və alman qanunvericiliklərinin müqayisəli təhlili” mövzusunda Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetində hüquq üzrə doktorantura təhsili alan Nihat Hüseynovun təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– İnzibati aktın anlayışı, növləri və funksiyaları;

– Azərbaycan və alman qanunvericiliklərinə əsasən inzibati aktlar üçün tələb olunan elementlərin müqayisəli təhlili;

– İnzibati aktların elementlərinin mövcudluğunun yoxlanılması metodologiyası;

– Əlverişsiz inzibati aktların qanuniliyinin yoxlanılması metodologiyası;

– Alman hüququ ilə müqayisəli şəkildə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquq dövləti prinsipi, inzibati akt qəbul edərkən inzibati orqanların riayət etməli olduğu formal tələblər;

– Maddi hüquq normalarının konkret hala tətbiqi zamanı ortaya çıxan təfsir problemləri;

– İnzibati orqan tərəfindən diskresion səlahiyyətlərdən istifadə qaydası, mütənasiblik prinsipi və s. müzakirə olunmuşdur.

Forumun praktiki hissəsində isə inzibati aktların elementlərinin mövcudluğu və əlverişsiz inzibati aktların qanuniliyi müxtəlif kazuslar üzrə qeyd olunan metodologiyaların tətbiqi vasitəsilə yoxlanılmışdır.